Azərbaycan qazının Türkiyənin qərb sərhədinə çatdıran Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə qaz tədarükü ahəngdar rejimdə davam edir. Boru kəməri istismara verildiyi vaxtdan etibarən Türkiyə və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verib.
Cənubi Qaz dəhlizinin ən uzun hissəsi olan TANAP-la qazın kommersiya məqsədli nəqlinə başlanmasından bəri 75 milyard kubmetr “mavi yanacaq” daşınıb. Bu barədə boru kəmərinin operatoru açıqlama yayıb. Məlum olduğu kimi, TANAP Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan – Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edir.
TANAP-ın ümumi dəyəri 7 milyard dollara yaxındır. Boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Gələcəkdə isə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. TANAP-la nəql edilən qazın, təqribən, 6 milyard kubmetri Türkiyəyə satılır, qalan hissə isə Avropaya ixrac olunur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin ən mühüm seqmenti olan TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. 2015-ci il martin 12-də boru kəmərinin təməli qoyulub. Kəmərin Türkiyə ərazisində doldurulmasına 2018-ci ilin yanvar ayının sonunda start verilib. Həmin il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində TANAP-ın Türkiyə hissəsinin açılışı keçirilib. Qardaş ölkəyə ilk kommersiya qazının tədarükü 2019-cu il iyunun 30-da başlayıb. Noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala şəhərində TANAP-ın Avropa ilə birləşdirilməsinin tamamlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Yeri gəlmişkən, TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51 faiz, Türkiyənin BOTAŞ şirkəti 30 faiz, BP 12 faiz və STEAŞ 7 faiz paya malikdir. Boru kəmərinin uzunluğu 1793 kilometr (Çanaqqala Boğazından keçən 18 kilometr 785 metr əlavə 2 sualtı kəmər) təşkil edir. Boru kəmərinin diametri Eskişehrədək 56 düym, ondan sonra 48 düym, dəniz dibində isə 36 düym təşkil edir.
©Xalq qəzeti