Türkiyə noyabr ayında xam neft hasilatında tarixi rekorda imza atıb.
Fins.az xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, İstanbulda təşkil edilən Neft Sənayesində Milli Texnologiyalar proqramında verdiyi açıqlamada noyabr ayında cəmi 3 milyon 425 min barel xam neft hasil edildiyini açıqlayıb. Bu rəqəm Türkiyənin neft hasilatında indiyə qədər əldə edilmiş ən yüksək səviyyə kimi qeydə alınıb.
Nazir Bayraktar ümumi istehsalın yarısının Qabar rayonundan təmin edildiyini bildirib. Qabarın gündəlik hasilat gücü 61 min bareli keçərək, Türkiyənin neft hasilatına əhəmiyyətli töhfə verib. Bölgədə qazma və hasilat fəaliyyətlərini artıraraq daha yüksək rəqəmlərə çatmaq hədəflənir.
Bayraktar qeyd edib ki, Türkiyə Neft Şirkəti (TPAO) İraq, Liviya, Afrika, Orta Asiya, Qafqaz və Cənubi Amerika kimi yüksək enerji potensialına malik bölgələrdə beynəlxalq ortaqlıqlarla yeni neft və təbii qaz investisiyaları etməyi planlaşdırır.