SƏNAYE

06 Dekabr

Utilizasiyaya verilən avtomobillər: Metal hissələr istehsalçılara yönləndirilir

"Fors" MMC-nin direktoru Sahib Əliyev, nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda, müvafiq qanuna əsasən, təqdim olunmuş nəqliyyat vasitələrinin necə dəyərləndirildiyini açıqlayıb.

Fins.az, direktorun sözlərinə istinadən xəbər verir ki, əgər nəqliyyat vasitəsinin yararlı ehtiyat hissəsi varsa, o, yararlı kimi qiymətləndirilir. Digər hissələr isə əlvan və qara metal növlərinə ayrılır və bu metallar metal istehsalçılarına yönləndirilərək, uyğun şəkildə istifadə olunur.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən hazırlanıb. Proqramın tətbiqi çərçivəsində bir neçə qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi ilə həyata keçirilir və məcburi xarakter daşımır. Utilizasiyadan əvvəl, nəqliyyat vasitəsi dövlət qeydiyyatından çıxarılmalı, sonra isə sistemdə qeydiyyatdan keçməlidir. Təhvil verilən nəqliyyat vasitələri üçün utilizatora yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş hüququ verən təsdiqedici sənəd təqdim olunur.