“Nəqliyyat vasitəsi utilizatora təhvil verilməzdən əvvəl aidiyyəti üzrə dövlət qeydiyyatından çıxarılmalı, sonra isə //NVU.gov.az portalı vasitəsilə sistemdə qeydiyyatdan keçməlidir.”
Fins.az xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Nəqliyyat vasitələrinin utilizasiyasına dair şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə bildirib.
Laçınovun sözlərinə görə, portal istifadəçilər üçün rahatlıq təmin etmək məqsədilə yaradılıb. İstifadəçilər, qeydiyyatdan keçdikdən sonra növbə əsasında vaxt təyin olunub, təyin olunan vaxtda nəqliyyat vasitəsi utilizatora təhvil verilir və onlara təsdiqedici sənəd verilir. Bu sənəd əsasında, şəxslər ya yerli istehsal nəqliyyat vasitəsi əldə etmək, ya da müvafiq güzəştin 70%-i həcmində birdəfəlik ödəniş almaq seçimindən birini edirlər.
Həmçinin, Laçınov qeyd edib ki, utilizasiyaya verilən nəqliyyat vasitələri tullantıya çevrildiyindən iqtisadi dəyəri yoxdur və bu səbəbdən onlara eyni yanaşma tətbiq olunur. Məbləğlər, Nazirlər Kabinetinin qərarına əsasən, 1500-2000 və 3 min manat arasında müəyyən edilib. Hazırda birdəfəlik ödənişlərlə bağlı müraciətlər qəbul edilərək, artıq 10-dan çox vətəndaşa ödənişlər edilib.