SƏNAYE

05 Dekabr

"ONGC Videsh" Azərbaycana 1,5 milyard dollar sərmayə yatırıb, AÇG və BTC layihələrində payını artırıb

Hindistanın "ONGC Videsh” şirkəti Azərbaycan iqtisadiyyatına bu günə qədər təxminən 1,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.

Fins.az xəbər verir ki, bu barədə “ONGC Videsh Limited”in Azərbaycan filialının rəhbəri Kalyana Raman Renqara (Kalyana Raman Rengara) bildirib.

"Şirkət həm Azərbaycanda, həm də üçüncü ölkələrdə SOCAR ilə birgə neft kəşfiyyatı və hasilatı layihələrində iştirak etməkdə son dərəcə maraqlıdır", - K.Renqara bildirib.

O qeyd edib ki, bu məqsədlə “ONGC Videsh Limited” Norveçin “Equinor” şirkətindən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 0,615 % və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətində 0,737 % pay alaraq Azərbaycandakı layihələrdə iştirakını artırıb. Sövdələşmə bu yaxınlarda - 29 noyabr 2024-cü ildə tam başa çatıb.

Bundan əlavə, “ONGC Videsh” meneceri bildirib ki, şirkət Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına yönəlmiş layihələrdə iştirak imkanını istisna etmir.

"ONGC Videsh” şirkətin biznes inkişaf strategiyası və siyasətinə uyğun olaraq Azərbaycanda bərpa olunan enerji mənbələri layihələrində iştirak imkanını nəzərdən keçirə bilər", - K.Renqara vurğulayıb.

Qeyd edək ki, hazırda “ONGC Videsh” Azərbaycanda 2,925 % pay ilə AÇG layihəsinin və 3,11 % pay ilə BTC neft kəmərinin iştirakçısıdır.

Şirkətin əsas fəaliyyəti Hindistandan kənarda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsidir. O, 15 ölkədə 32 neft-qaz layihəsində aktivlərə malikdir. Ehtiyatlarına və hasilatına görə “ONGC Videsh” Hindistanın ən böyük ikinci enerji şirkətidir və yalnız ana şirkəti ONGC-dən geri qalır.

 

 

 

©Report