İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, 2025-ci ildən Vergi Məcəlləsinə daxil ediləcək dəyişikliklərlə bağlı açıqlama verib. O bildirib ki, növbəti il üçün karbon qiymətqoyma alətləri çərçivəsində istilik effekti yaradan qazları əhatə edəcək karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb. Lakin, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin və bərpa olunan enerji layihələrinin təşviqinə yönələn vergi təşviqləri gələn ilin Vergi Məcəlləsində yer alacaq.
Fins.az xəbər verir ki, Musayeva, karbon qiymətqoyma alətlərinin müxtəlif üstünlükləri və çatışmazlıqları olduğunu qeyd edərək, dünya ölkələri arasında bu alətlərin tətbiqi ilə bağlı vahid bir yanaşmanın olmadığını vurğulayıb. Aİ və digər yurisdiksiyalar tərəfindən tətbiq olunan "Sərhəddə karbon qiymətləri"nin sənaye rəqabətini qorumağa yönəldiyini bildirən rəis müavini, karbon qiymətqoyma siyasətinin tətbiqi üçün genişmiqyaslı təhlil və mülahizələrin zəruriliyini qeyd edib.
Yeni vergi siyasətinin, ölkənin iqlim siyasəti və beynəlxalq öhdəlikləri nəzərə alınaraq formalaşdırılacağı və "yaşıl" iqtisadiyyata ədalətli keçidin təmin olunacağı bildirilib.
Zemfira Ms
Fins.az