Rusiya qazının Azərbaycan vasitəsilə İrana svop edilməsi üzrə layihə üzərində işlər aparılır.
Fins.az-ın məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazem Calali İran KİV-ə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, Rusiya İranın enerji layihələrinə investisiya yatırmağa maraq göstərir. Rusiya həmçinin, təbii qazın svop edilməsi ilə bağlı İranla əməkdaşlıq etmək istəyir. Müzakirələrin böyük hissəsində razılıq əldə olunub, lakin bir sıra kiçik məsələlərin yaxın gələcəkdə razılaşdırılması gözlənilir.
Səfir əlavə edib ki, İran Şimal-Cənub Enerji Dəhlizinin aktivləşməsinə maraq göstərir və bu məqsədlə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. İran, Rusiya kimi ölkələrlə əməkdaşlıq edərək çoxtərəfli qaz razılaşmalarını həyata keçirməyə və qazı svop etməyə hazır olduğunu qeyd edib. Şimal-Cənub Enerji Dəhlizi layihəsinin əsas məqsədi Türkiyə, İraq, Pakistan, Hindistan və Fars körfəzinin cənubunda yerləşən ölkələrə qaz nəqlinin təmin edilməsidir.
Qeyd edək ki, Rusiya və İran dünyanın ən böyük qaz ehtiyatlarına sahib olan iki ölkədir. Bu iki ölkənin əməkdaşlığı, region və dünya üçün enerji sahəsində mühüm töhfələr verə bilər.