Azərbaycanda 21 noyabrda 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri açıqlanacaq. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.
“21 noyabrda 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri açıqlanacaq,” – deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil edilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29, Azərbaycanın indiyədək təşkil etdiyi ən böyük tədbir olmaqla yanaşı, regionda ilk dəfə burada keçirilir.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən 14 təşəbbüs irəli sürülüb. Bu təşəbbüslər arasında yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı, təmiz hidrogen və orqanik tullantılarda metanın azaldılması kimi mövzular yer alır.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.