İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür.
Fins.az xəbər verir ki, bunu İZİA-nın mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bildirib.
E.Kazımovun sözlərinə görə, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda bu rezidentlərdən 24-ü fəaliyyət göstərir və bu il Sənaye Parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
“İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması və 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur,” - deyə Kazımov əlavə edib.
Bu ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib ki, bu da ötən illə müqayisədə ixracın 13,1% artdığını göstərir. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6%, ixracında isə 24,7% təşkil edib.