Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu, sentyabrın 5-dən planlı təmir-profilaktika və avadanlıqların texniki xidməti məqsədilə dayandırılmasından sonra fəaliyyətini bərpa edib.
Fins.az xəbər verir ki, SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkiye Enerji” tərəfindən verilən məlumata əsasən, zavodun istehsal gücünün artırılması üçün 2 ay müddətində həyata keçirilən planlı təmir işləri uğurla başa çatıb. STAR neft emalı zavodu ilk dəfə istehsalatda planlı fasilə götürərək, bütün avadanlıqların texniki xidməti və modernizasiyası işlərini həyata keçirib.
Zavodun bu dayanması nəticəsində əməliyyat səmərəliliyi artırılacaq və növbəti 5 il ərzində yeni planlı dayanmalara ehtiyac olmadan fasiləsiz istehsal təmin ediləcək. Təmirin başa çatması ilə zavodun istehsal gücü 2,5% artıb.
“SOCAR Türkiyə Enerji”nin neft emalı və neft-kimya biznes bölməsinin prezidenti və “Petkim” neft-kimya kompleksinin baş direktoru Kənan Mirzəyev, zavodun planlaşdırılmış dayanmasını qiymətləndirərək bildirib ki, STAR, Türkiyənin neft məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini və Petkim kompleksinin naftaya olan tələbatının demək olar ki, hamısını ödəyir.
K. Mirzəyev, STAR-ın fəaliyyətə başladığı gündən bəri ilk dəfə həyata keçirilən planlı dayanmanın hədəflənən müddətdən əvvəl, büdcə daxilində və istehsal gücünü artıraraq uğurla başa çatdırıldığını vurğulayıb. O, 2018-ci ildən “Petkim”ə inteqrasiya olunmuş şəkildə inşa edilən STAR neft emalı zavodunun Türkiyədə neft-kimya inteqrasiyasının tək nümunəsini təqdim etdiyini qeyd edib.
STAR NEZ 19 oktyabr 2018-ci ildə istismara verilib və “Azeri Light”, “Kerkuk” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun dayanmadan əvvəlki gücü ildə 13 milyon ton məhsul təşkil edirdi. O, “Petkim” neft-kimya kompleksini xammal ilə təmin edir və SOCAR-ın öz dizel yanacağı və aviakerosinini, eləcə də kimya sənayesi üçün xammalını Aralıq dənizi bazarına çıxarması üçün şərait yaradır.
Fuad Mədətov
Fins.az