SƏNAYE

29 Oktyabr

Naftalan neftinin dəyər zəncirinin inkişafı mexanizmi formalaşdırılacaq- Fuad Nağıyev

Naftalan neftinin emalından istehlakınadək dəyər zəncirinin inkişafı mexanizminin formalaşdırılması üzrə tədbirlər planlaşdırılır.

Day.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizmi Konfransı: İnkişaf İmkanları" adlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın sağlamlıq turizmi üzrə potensialı zəngin və genişdir.

"Tarixən Naftalanın müalicəvi nefti, Naxçıvanın duz dağı, Kəlbəcərin İstisuyu və digər təbii və müalicəvi resurslarımız regional və beynəlxalq tanınmaya nail olub. Bundan əlavə, Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki və bir sıra başqa bölgələrimizdə sağlamlıq turizmi destinasiyaları, daxili və xarici turistləri cəlb edən müxtəlif sağlamlıq müəsissələri fəaliyyətlərini davam etdirirlər".

Onun sözlərinə görə, sağlamlıq turizminin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görülməkdədir.

"Bu sahə ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" sənədində sağlamlıq turizminin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb".

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda konfrans keçirilir. Konfransda Dövlət Turzim Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin rəsmiləri, Azərbaycandan və bir sıra xarici ölkələrdən sağlamlıq və tibbi turizm sahəsinin 200-ə yaxın mütəxəssisi iştirak edir.

Konfransda "Azərbaycan sağlamlıq turizmi destinasiyası kimi: Cari vəziyyət və imkanlar", "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər", "Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya" adlı panel sesiyalar nəzərdə tutulub. Həmçinin sağlamlıq turizmi sənaye sərgisi açılacaq.