Son dövrlərdə Avropa bazarlarında Azərbaycan qazına tələbatın artması müşahidə olunur.
Fins.az xəbər verir ki, xüsusilə Bolqarıstanın Azərbaycan qazı idxalına ayırdığı xərclər və idxal həcmləri bu tendensiyanı göstərir. Eurostat-ın məlumatlarına əsasən, 2024-cü ilin iyul ayında Bolqarıstan Azərbaycan qazının idxalına 24,3 milyon avro xərcləyib ki, bu da ötən ilin eyni dövründəki 23,9 milyon avro ilə müqayisədə illik 1,7 faiz artım deməkdir.
Buna baxmayaraq, yanvar-iyul aylarında Bolqarıstanın Azərbaycandan qaz idxalı ümumilikdə 15,6 faiz azalaraq 165,5 milyon avro təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 196 milyon avro idi. İdxal həcminə gəldikdə isə, iyul ayında Bolqarıstana Azərbaycandan tədarük edilən qazın həcmi 77,2 milyon kubmetr təşkil edib. Bu, keçən ilin eyni ayındakı 77,3 milyon kubmetrə nisbətən cüzi, yəni 0,13 faiz azalma deməkdir. Yanvar-iyul dövrü ərzində isə Bolqarıstan Azərbaycandan ümumilikdə 530 milyon kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq dövründəki 533,5 milyon kubmetr həcmlə müqayisədə 0,65 faiz azalma deməkdir.
Azərbaycanın qaz ixracında strateji rol oynayan Cənub Qaz Dəhlizi, 31 dekabr 2020-ci ildən etibarən fəaliyyət göstərir və Xəzər dənizi regionundan qazın Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılmasını təmin edir. Bu layihə Azərbaycanın Avropa enerji bazarındakı mövqeyini gücləndirməklə yanaşı, Avropanın enerji təchizatında təhlükəsizlik təminatına mühüm töhfə verir.
2022-ci ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş yeni razılıqla Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılması qərarlaşdırılıb. Bu razılığa əsasən, hazırda illik 10 milyard kubmetr qaz ötürən dəhliz 2027-ci ilə qədər 20 milyard kubmetrə qədər artırılacaq. Bu addım, Avropa bazarlarının Azərbaycan qazına olan tələbatının qarşılanmasında əhəmiyyətli rol oynayacaq və Avropa üçün alternativ enerji mənbələrinin təmin olunmasına töhfə verəcəkdir.