SƏNAYE

23 Oktyabr

Azərbaycan Mərkəzi Asiya-Avropa enerji dəhlizində lider olacaq

Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 iqlim konfransında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalayacaqlar.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib. İmzalanma Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumu çərçivəsində baş tutacaq.

Sazişdə tərəflərin Avropa və digər regionlara təmiz enerji tədarükünün təşkili, yeni texnologiyaların tətbiqi və enerji təchizatı sahəsində xidmətlərin inkişafı üzrə əməkdaşlıq niyyətləri əks olunub. Layihə Xəzər dənizinin dibi və quruda yüksək gərginlikli kabelin çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutur. Bu, Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda istehsal olunan yaşıl enerjinin texniki və iqtisadi cəhətdən optimal şəkildə ticarətini təmin edəcək. Saziş qeyri-müəyyən müddətə bağlanacaq.

Bundan əvvəl, Bakıda Mərkəzi Asiyadan Avropaya yaşıl enerjinin ixracı üçün birgə müəssisənin yaradılması barədə razılıq əldə olunmuşdu. İtaliyanın CESI konsaltinq şirkəti ilə birgə layihənin texniki-iqtisadi əsaslandırılmasının ilkin mərhələsinin keçirilməsi təsdiq olunub.

May ayında Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri enerji sistemlərinin inteqrasiyası barədə əməkdaşlıq memorandumunu imzalamışdılar. Məqsəd Mərkəzi Asiya ölkələrindən Avropaya bərpa olunan enerji ixrac etməkdir.

Ekspertlərin fikrincə, bu layihələr reallaşarsa, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında enerji tədarükündə əsas liderə çevriləcək.