Karbon qiymətqoyma sahibkarlıq subyektlərinin fiskal öhdəliklərinin tərkib hissəsi olmaqla yanaşı, iqlim dəyişmələri ilə mübarizəyə yönəlmiş innovasiyaların inkişafına əhəmiyyətli töhfə vermək potensialına malikdir. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev bildirib.
Onun sözlərinə görə, karbon qiymətqoyma mexanizmlərinin əsas fəlsəfəsini bizneslərin fiskal yükünün artırılması deyil, şirkət daxilində innovasiya potensialının artırılması yolu ilə fəaliyyət prosesində karbon emissiyalarının həcminin azaldılması təşkil edir. Bu səbəbdən qeyd olunan strategiyadan səmərəli istifadə edildiyi təqdirdə şirkətlər həm yerli, həm də xarici bazarlarda rəqabət qabiliyyətlərini qoruya və ya möhkəmləndirə bilər.
F.İsayev hesab edir ki, karbon qiymətqoymanın uğurlu olması üçün dövlət və özəl sektor əməkdaşlıq şəraitində çalışmalıdır: “Bu prosesdə hər iki tərəfin dəstəkləyici rolu əhəmiyyətlidir, eyni zamanda bir-birinə aid olan kontekstin dərindən təhlil edilməsi son dərəcə faydalıdır. Tənzimləyici orqan beynəxlaq təcrübədə geniş tətbiq olunan karbon qiymətqoyma mexanizmlərinin yerli şəraitə maksimal effektiv şəkildə uyğunlaşdırılmasını planlaşdırdığı müddətdə özəl sektorun da bu sahədə planlama tədbirlərinə erkən başlaması önəmlidir. Buraya şirkətlərin korporativ strategiyasında innovasiyaların rolu, rəqabət üstünlüyünün hansı amilər üzərində qurulmasının təhlili, texnoloji inkişafa ayrılan resursların adekvatlığı və s. kimi komponentləri aid etmək olar. Bu cür qarşılıqlı fəaliyyət şəraitində dövlət-özəl dialoqunun verə biləcəyi faydalar daha da böyük önəm kəsb edir”.
Özəl sektorun karbon qiymətqoymaya daha hazırlıqlı olması üçün innovasiyalardan hansı formada bəhrələnə biləcəyinə gəldikdə, F.İsayevin fikrincə, şirkətlər bunun üçün öz faəliyyətlərinə xas olan daxili və xarici faktorları nəzərə almalıdırlar: ”Daxili faktorlar dedikdə, şirkətin biznes proseslərinin effektivliyi və əməliyyat fəaliyyətinin səmərəli qurulması, əməletmə (komplayens) funksiyasının lazımi resurs və dəstəyə malik olması, innovasiya bacarıqlarının institusional səviyyədə bərqərar edilməsi və s. nəzərdə tutulur. Bir qayda olaraq, hər bir şirkətin missiyası, vizyonu, dəyərləri və strategiyası var. Bu elementlər nəzərə alınmaqla, şirkətin kommersiya baxımından dəyər təklifi formalaşdırılır. İnnovasiyalar dəyər təklifinin tərkib hissəsinə çevrildikdə karbon qiymətqoyma və buna bənzər digər mexanizmlərin şirkətə təsiri çağırış prizmasından deyil, fürsət tərəfindən qiymətləndirilə bilər. Kənar faktorlara gəldikdə, bu məsələdə dövlət və özəl tərəfdaşlığının əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu xüsusda Dövlət Vergi Xidməti dövlət-özəl sektor dialoqu üçün çoxsaylı platformalar təqdim edir və mümkün yeni vergi qanunvericiliyi təşəbbüslərinə özəl sektorun effektiv hazırlığı baxımından fəal tədbirlər həyata keçirir”.