Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi ilə neft nəqlinin həcmi ötən illə müqayisədə artıb.
Fins.az-ın məlumatına görə, CPC-nin baş direktoru Nikolay Qorban, Almatıda keçirilən idarəetmə orqanlarının iclasında bu ilin avqust ayının sonuna qədər 43,8 milyon ton xam neft ixrac edildiyini və Novorossiysk limanından 405 tanker yola salındığını bildirib. Ötən il bu göstəricilər müvafiq olaraq 42,7 milyon ton neft və 391 tanker təşkil edib.
İclasda səhmdarlar CPC-nin maliyyə fəaliyyətinə yekun vurublar. Xəzər Boru Kəməri Konsorsiumunun maliyyə fəaliyyətinin qiymətləndirilməsi və nəticələri müzakirə olunub.
Qeyd edək ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”), həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.