SƏNAYE

04 Sentyabr

Qara Dəniz Enerji Kabeli layihəsi (Black Sea Energy) COP29-da təqdim olunacaq

Qara Dəniz Enerji Kabeli (Black Sea Energy) layihəsinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim ediləcək.

Fins.az-ın məlumatına görə, bu barədə Rumıniya mətbuatı ölkənin energetika naziri Sebastian-İoan Burdujaya istinadən məlumat yayıb. Nazir bildirib ki, TİƏ-nin təqdimatı Bakıda keçiriləcək COP29 çərçivəsində baş tutacaq və layihə Avropa dövlətlərinin Qafqaz bazarından enerji əldə etməsinə imkan yaradaraq təchizatın şaxələndirilməsinə və enerjinin ucuzlaşmasına töhfə verəcək.

Sentyabrın 3-də Buxarestdə Azərbaycanın “Azərenerji” SC, Rumıniyanın “Transelectrica SA”, Gürcüstan Dövlət Elektrik Sistemi və Macarıstanın MVM enerji operatorları arasında “Green Energy Corridor” birgə müəssisəsinin yaradılması üzrə səhmdar sazişi imzalanıb. Bu birgə müəssisə layihənin həyata keçirilməsini təmin edəcək.

Nazir layihənin yüksək dəyərə sahib olduğunu, TİƏ tamamlandıqdan sonra dəqiq məbləğin müəyyənləşəcəyini bildirib. Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün təxminən 3,5 milyard avro tələb oluna bilər. Layihənin enerji təhlükəsizliyi və bazar üçün əhəmiyyətli faydalar verəcəyi gözlənilir.

Layihəyə fiber-optik rabitə kabelinin çəkilməsi komponenti də daxildir. Bu komponent dörd ölkə arasında məlumat axınını yaxşılaşdıracaq və regionun rəqəmsallaşmasına dəstək verəcək.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara Dəniz Enerji Kabeli haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu isə 1 195 km olacaq və 3-4 il ərzində çəkilməsi planlaşdırılır. Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro vəsait ayırmağı planlaşdırır.

Fuad Mədətov
Fins.az