"Zar" Kiçik Su Elektrik Stansiyasının (KSES) regionun yaşıl enerji potensialının artırılmasında mühüm rol oynayacağı vurğulanıb.
Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Kəlbəcər rayonuna təşkil olunmuş mediatur çərçivəsində, Zar çayının üzərində tikilən “Azərenerji” ASC-nin 4,3 MVt gücündə olan “Zar” KSES-lə tanışlıq zamanı bildirilib.
Mediatur iştirakçıları stansiyada yaradılmış şəraitlə tanış edilib və onlara KSES-in fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu stansiya regionun enerji təchizatında mühüm yer tutacaq və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə olan “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bundan əlavə, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in də açılışını edib. Bu tədbirlər ölkənin enerji sektorunun davamlı inkişafını və yaşıl enerji mənbələrinin istifadəsini təşviq edir.
Fuad Mədətov
Fins.az