110/35 kV-luq “İstisu” yarımstansiyası Kəlbəcər rayonunda yerləşən strateji əhəmiyyətli obyektlərin, o cümlədən, yaxınlıqda inşa edilən “İstisu” sanatoriyasının və “İstisu” mineral su zavodunun elektrik təchizatına xidmət edəcək.
Fins.az-ın məlumatına görə, “Azərişıq” ASC-nin Qarabağ Regionalının istismarı üzrə rəis müavini Rəşad İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, bu yarımstansiya 110/35 kV-luq “Kəlbəcər” yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir.
"Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq “Qorçu” və “Laçın” yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.
Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.
Gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq.
Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb", - o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində “Azərişıq” ASC-nin 110/35 kV-luq “İstisu” yarımstansiyasının açılışında iştirak edib.
Fuad Mədətov
Fins.az