Macarıstanın “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətindən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 faiz və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də 4 faiz pay üçün satınalma prosesini avqustun 30-da tamamlayıb.
Fins.az bununla bağlı yayılan açıqlamaya əsasən, xəbər verir ki, qeyd edilən satınalma ilə “MVM Group” beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək, şirkətin təbii qazın dəyərinin yaradılması zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Məlumatda sövdələşmənin Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səylərinə, eləcə də milli enerji strategiyasına və “MVM Group”un inkişaf strategiyasına tam uyğun olduğu vurğulanır.
“İstismara veriləndən bəri “Şahdəniz” yatağından 225 milyard kubmetrdən çox qaz və 380 milyon barel kondensat hasil edilib. “Şahdəniz” qaz ehtiyatlarına görə dünyada ən böyük yataqlardan biridir. O, hər il təxminən 29 milyard kubmetr qaz və təxminən 60 milyon barel kondensat hasil etmək gücündədir”, – deyə açıqlamada qeyd olunur.
Xatırladaq ki, “MVM Group”un “Şahdəniz” layihəsində 5 faiz və SCPC-də isə 4 faiz pay almasına dair saziş bu il iyunun 5-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. “MVM Group”un baş icraçı direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxış edərək bildirmişdi ki, bu sövdələşmə “MVM Group”un strategiyasında ən iri sazişdir və qaz tədarükünün şaxələndirilməsi və ölkənin bir mənbədən asılılığının azaldılması prosesində mühüm elementdir.