SƏNAYE

02 Sentyabr

Macarıstan şirkəti Azərbaycanda enerji sektorunda paylarını genişləndirir

Macarıstanın “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5% və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də (SCPC) 4% pay almaq üçün satınalma prosesini uğurla tamamlayıb.

Bu barədə Fins.az “MVM Group”a istinadən xəbər verir.

Şirkət qeyd edib ki, satınalma prosesi avqustun 30-da yekunlaşıb. Bu əhəmiyyətli addım “MVM Group”un beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, şirkətin təbii qazın dəyər zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Bu sövdələşmə, eyni zamanda, Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səyləri və Macarıstanın milli enerji strategiyası ilə də uyğunluq təşkil edir.

“MVM Group”un məlumatına görə, “Şahdəniz” yatağından indiyədək 225 milyard kubmetrdən çox qaz və 380 milyon barel kondensat hasil edilib. Yataq dünyada qaz ehtiyatlarına görə ən böyük yataqlardan biri hesab edilir və hər il təxminən 29 milyard kubmetr qaz və 60 milyon barel kondensat hasil etmək potensialına malikdir.

Qeyd edək ki, “MVM Group”un “Şahdəniz” layihəsində 5% və SCPC-də 4% pay alması ilə bağlı saziş iyunun 5-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb. Şirkətin baş icraçı direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxışında bu sövdələşməni “MVM Group”un strategiyasında ən iri sazişlərdən biri olaraq dəyərləndirib və Macarıstanın qaz tədarükünün şaxələndirilməsi, eləcə də ölkənin bir mənbədən asılılığının azaldılması baxımından mühüm bir addım olduğunu vurğulayıb.

Fuad Mədətov
Fins.az