Azərbaycan və Özbəkistan arasında bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq, iki ölkənin ikitərəfli münasibətlərində yeni bir mərhələ açır.
Fins.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş elmi işçisi Şahmar Hacıyev Bakıda keçirilən “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” adlı tədbirdə deyib.
Ş.Hacıyev bildirib ki, bu əməkdaşlıq iqtisadi əlaqələrin inkişafını daha da irəlilədəcək. Eyni zamanda, Şərqi Avropa ölkələrinə "yaşıl enerji" tədarükünü təmin edəcək Mərkəzi Asiya - Azərbaycan - Avropa “yaşıl dəhliz” layihəsinin əhəmiyyətini vurğulayıb.
Ş.Hacıyev qeyd edib ki, iki ölkənin qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq məqsədini güdür. Hazırda Bakı və Daşkənd avtomobil tikintisi, elektrotexnika və energetika sahələrində birgə layihələr həyata keçirir.
O, Azərbaycanın Prezidentinin Özbəkistana dövlət səfərinin ikitərəfli əlaqələri daha da möhkəmləndirəcəyinə və əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına əmin olduğunu vurğulayıb.
“Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri” tədbiri Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Fuad Mədətov
Fins.az