Cari ilin yanvar-aprel ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 603,5 milyon kilovat-saat və ya 6,1 faiz azalaraq 9 milyard 248,6 milyon kilovat-saat olub.
Nazirlikdən Fins.az-a bildirilib ki, bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə 8 milyard 198 milyon kilovat-saat, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 332,6 milyon kilovat-saat artımla 794,6 milyon kilovat-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9 milyon kilovat-saat artımla 255,9 milyon kilovat-saat təşkil edib. 4 ay ərzində külək elektrik stansiyalarında 21 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 144,4 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 190,7 milyon kilovat-saat (İES-lərdə 7 milyard 444,9 milyon kilovat-saat, SES-lərdə 745,8 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 132,9 milyon kilovat-saat (İES-lərdə 70,3 milyon kilovat-saat, SES-lərdə 44 milyon kilovat-saat, Günəş ES-də 18,6 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,8 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 910,1 milyon kilovat-saat təşkil edib.
Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 1,5 dəfə artaraq 62,2 milyon kilovat-saat, ixracı isə 3 dəfə azalaraq 407 milyon kilovat-saat olub.
Qeyd edək ki, bu ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 0,6 faiz artaraq 2 milyard 108,5 milyon kilovat-saat olub. Bu ayda elektrik enerjisinin idxalı 1,8 dəfə artaraq 17,9 milyon kilovat-saat, ixracı isə 5 dəfə artaraq 48,5 milyon kilovat-saat təşkil edib.