SƏNAYE

21 Fevral

Azərbaycan və Gürcüstanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

Fevralın 21-də Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GMETK) arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb.

Bu barədə Fins.az-a EMTA-dan məlumat verilib.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və GMETK-in sədri Davit Narmania imzalayıblar.

Memorandum energetika sahəsində tənzimləmə üzrə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi, habelə qurumlar arasında ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.

Anlaşma memorandumu çərçivəsində tərəflər energetika sahəsində tənzimləmə üzrə təcrübələrini bölüşəcək, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair məlumat mübadiləsi aparacaq, müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpa olunan enerjinin və enerji səmərəliliyinin tənzimlənməsi istiqamətində təlimlər təşkil edəcəklər.

Qeyd edək ki, EMTA və GMETK arasında uzunmüddətli tərəfdaşlıq əlaqələri mövcuddur. Bu iki tənzimləyici qurum Enerji Tənzimləyiciləri Regional Assosiasiyası (ETRA) çərçivəsində uğurla əməkdaşlıq edir.

İmzalanmış memorandum Azərbaycan və Gürcüstanın tənzimləyici qurumları arasında məhsuldar tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələnin başlanğıcıdır.

Fuad Mədətov
Fins.az