Bu ilin sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəql olunan Qazaxıstan neftinin həcmi 1,1 milyon tona çatdırılacaq.
Fins.az Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda çıxışı zamanı deyib.
“BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.
BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.
1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.
Kəmərin açılışı 17 il öncə - 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.
Fuad Mədətov
Fins.az