SƏNAYE

05 İyun

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımaları 40%-dən çox artıb

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca dəmir yolu daşımaları 2023-cü ilin beş ayı ərzində 40%-dən çox artaraq 4 mln. tona çatıb.

Fins.az “Kommersanta" istinadən verdiyi məlumata görə, həcmin böyük hissəsi dəhlizin qərb marşrutu ilə nəql edilir.

Məlumata görə, “Şərq” və “Transxəzər” istiqamətləri üzrə artım 80%-i ötsə də, həcmlər hələ də nisbətən kiçikdir.

Qərb ölkələri tərəfindən ixrac məhdudiyyətlərinin sərtləşdirilməsini (Rusiyaya qarşı – red.) nəzərə alaraq, analitiklər Rəşt-Astara dəmir yolunun tikintisi başa çatana qədər də İran istiqamətində tələbat artımının davam edəcəyini gözləyirlər.

“Rusiya Dəmir Yolları” QSC-nin materiallarından belə çıxır ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (İTC) üzrə yanvar-may aylarında daşınmalar 41,8% artaraq 4 mln. ton təşkil edib. Əsas pay Azərbaycandan keçməklə Rusiyanı İranla birləşdirən qərb marşrutunun payına düşüb - 3,6 mln. ton (artım 37,9%).

Digər dəhlizlərdə dinamika daha yüksək olsa da, yükdaşımaların həcmi azdır. Belə ki, Türkmənistan və Qazaxıstandan keçən şərq marşrutu üzrə 353,5 min ton (artım 80,3%), “Transxəzər” marşrutu üzrə isə 117,7 min ton (artım 80,5%) yük daşınıb.