SƏNAYE

17 May

SOCAR ilə JBIC arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Dünən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasında keçirilən İllik Toplantısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan Fins.az-a verilən məlumata görə, memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən CCS (karbon tutma və saxlama) və CCUS (karbon tutma, istifadə və saxlama), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər.

SOCAR və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.

Fuad Mədətov
Fins.az