Şahdəniz yatağı üzrə hasilatın ilk günündən bu yana təxminən 189 milyard kubmetr qaz hasil edilib. Əsrin müqaviləsi üzrə toplam 4.2 milyard barel neft hasil olunub. Həmin müqavilə üzrə Azərbaycan Dövlət Neft Fonduna bu illər ərzində 67 milyard dollar vəsait daxil olub.
Fins.az bildirir ki, bu fikirləri BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəmlərin, mənfəətdən əldə olunan gəlirlərin ölkə iqtisadiyyatı, sosial və digər sahələrin inkişafı üçün əhəmiyyəti böyükdür: "Bu gün Xəzərdə mövcud olan 8 platforma var. 9-cu da iyun ayında yekunlaşacaq. 8 platformada və Səngəçal terminalda dünyanın neft və qaz sahəsində ən son texnoloji avadanlıqlar mövcuddur".