SƏNAYE

23 Fevral

Azərbaycan ötən il avtomobil benzininin idxalını kəskin artırıb

Ötən il Azərbaycan xaricdən 328 049,47 min ABŞ dolları dəyərində 299 952,06 ton avtomobil benzini idxal edib.

Fins.Az Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə benzin idxalı dəyər ifadəsində 2,8 dəfə, həcm ifadəsində isə 93,4% artıb.

Məlumata görə, ölkəyə idxal edilən yanacağın böyük hissəsi “Aİ-92” markalı benzinin payına düşüb. Belə ki, hesabat dövründə Azərbaycana 223 456,8 min dollar dəyərində 198 790,13 ton “Aİ-92” markalı benzin idxal edilib, bu da illik müqayisədə müvafiq olaraq 93,6 dəfə və 39,8 dəfə çoxdur.

Bunda başqa ötən il Azərbaycan xaricdən 102 540,18 min dollar (7,7% azalma) dəyərində 99 490,98 ton (32,5% azalma) "Aİ-95" ("Premium") markalı və 2 052,49 min dollar (14,3% azalma) dəyərində 1 670,95 ton (37,7% azalma) "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.

Qeyd edək ki, ötən ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı. Bu da emal həcmlərinə öz təsirini göstərib və “Aİ-92” markalı benzin ölkədə istehsal olunduğundan (“Aİ-95” və “Aİ-98” markalı benzinlər hazırda ölkədə istehsal olunmur) bu növ neft məhsulunun idxalının kəskin artımına səbəb olub.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

©apa