Fevralın 24-də Azərbaycandan "yaşıl enerji"nin Qara dənizin dibi ilə Avropaya nəqli üçün sualtı kabel layihəsinin texniki-iqtisadi əsaslandırmasının müzakirəsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nümayəndələrinin görüşü keçiriləcək.
Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın energetika nazirinin müavini Corc-Serqiu Nikulesku energetika mövzusunda seminarda çıxışında deyib.
Nazir müavini hazırkı şəraitdə bu cür layihələrin reallaşma şansının daha çox olduğunu qeyd edib.
"Paradiqma dəyişib. Avropa bazarlarında elektrik enerjisinə tələbat böyüyüb. Biz hamımız tədarükün diversifikasiyasından danışırıq. Avropada biz hamımız Avropa iqtisadiyyatının Rusiyanın qazıntı yanacağından güclü asılı olduğu 2018-2019-cu illərlə müqayisədə hər şeyin dəyişdiyi ilə razıyıq", - o aydınlıq gətirib.
Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "Yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişə əsasən, Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyanın Qara dəniz sahillərindək elektrik kabelinin çəkilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində Azərbaycandan dörd qiqavat həcmində yaşıl enerjinin nəqlinə imkan verəcək kabel çəkilməsi planlaşdırılır.