SƏNAYE

09 Fevral

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri 20%-dən çox azalıb

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 389 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 21,9% azalma deməkdir.

Fins.az-ın BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 651,5 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (104 şirkət üzrə) 388,2 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 222 kiçik və orta müəssisə üzrə xərcləri 310,3 mln. dollar, 30 dövlət şirkəti üzrə xərcləri isə 39 mln. dollar təşkil edib.