SƏNAYE

23 Yanvar

Azərbaycan Avropanın Asiya ilə tranzit əlaqələrinin inkişafında da mühüm rola malikdir

Çinin Uxan şəhərindən Avropaya yola düşən yük qatarı Rusiya ərazisindən keçərək Almaniyanın Daysburq şəhərinə 16 günə çatır. Lakin Ukraynada baş verən hərbi əməliyyatlar Çin ilə Avropa İttifaqına daxil olan ölkələr arasındakı ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb olub.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda Avropa ölkələri alternativ yollar axtarırlar. “Bloomberg” yazır ki, Avropanın sanksiyalarına cavab olaraq Rusiya tranzit qiymətlərini artırıb yükdaşımada problemlər yarada bilər. Bu səbəbdən Avropa alternativ nəqliyyat dəhlizlərindən istifadə etmək məcburiyyətindədir.

Avropa Şurasının beynəlxalq məsələlər üzrə analitiki Rafael Loss hesab edir ki, Avropa Cənubdan keçən marşrutlardan istifadə edə bilər. Analitik bu marşrutların yükdaşıma həcminin az olduğunu vurğulasa da, perspektivdə arta biləcəyini qeyd edib.

Nəzərə çatdırmaq lazımdır ki, cənubdan keçən marşrutlardan biri Azərbaycan Prezidentinin təşəbbüsü ilə salınan Bakı-Tbilisi-Qars dəmir yoludur, digəri isə reallaşmaqda olan Zəngəzur dəhlizidir.

Təsadüfi deyil ki, Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusundakı panel iclasında çıxış edən Prezident İlham Əliyev yükdaşımaların həcminin artırılmasını xüsusi vurğulayaraq deyib: “Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”.

Qayıdaq Rafael Lossun fikirlərinə. Onun da vurğuladığı kimi, Avropa alternativ nəqliyyat dəhlizindən istifadə etmək məcburiyyətində qalaraq Bakı-Tbilisi-Qars dəmir yolu və gələcəkdə istismara buraxılacaq Zəngəzur dəhlizindən istifadə etsə, həm vaxta, həm də yükdaşımalara ayrılan vəsaitə qənaət etmiş olacaq.

Beynəlxalq ekspertlərin rəyinə əsasən, Çindən Avropaya yüklərin Bakı-Tbilisi –Qars dəmir yolu ilə daşınması 16 deyil, 10 gün çəkir, yolun yaxınlığı nəqliyyat xərcinin də azalmasına təsir göstərir.

Bu məsələnin Davos İqtisadi Forumu kimi mötəbər bir tədbirdə müzakirə olunması Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Eyni zamanda, bu cür beynəlxalq əhəmiyyətli iqtisadi layihələr Azərbaycanın perspektivdə ümumilikdə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək. Beləliklə, Azərbaycan Avropanın yalnız enerji təhlükəsizliyində deyil, həmçinin Asiya ilə tranzit əlaqələrinin inkişafında da mühüm rola malikdir.