SƏNAYE

19 Yanvar

“Şahdəniz” qazının ixracı ötən il 18%-dən çox artıb

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 216,9 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,7% çoxdur.

Dövlət Statistika Komitəsindən Fins.Az-a verilən məlumata görə, qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,08%-lik artım).

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qazın nəqlinə başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.