“Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş "Azəri-Mərkəzi-Şərqi "(ACE) platformasının dayaq bloku dənizə yola salınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.
Fins.az xəbər verir ki, bu barədə Report-a ASCO-dan bildirilib.
Məlumata görə, platformanın dayaq blokunun çəkisi 16 000 ton, hündürlüyü 153 metrdir. Bu qurğuya suvurma, neft ixracı və qaz ixracı üçün nəzərdə tutulmuş üç hasilat dik borusu daxildir.
"Azəri-Mərkəzi-Şərqi" layihəsində istismar olunması üçün ASCO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.
Xəzər dənizinin ən böyük barjı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur.