“Azəriqaz” İB-nin əməkdaşları qaz təchizatına qanunsuz daha bir müdaxilə halı aşkar ediblər. Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində sayğac göstəricisinin geri çəkilməsi faktına rast gəlinib.
Fins.az məlumat verir ki, fərdi yaşayış evinə yeni sayğac quraşdırılıb, çıxarılan sayğac isə yoxlamadan keçirilməsi üçün birliyin Metrologiya Departamentinə gətirilib. Sayğacın yoxlamadan keçiriləcəyi ilə bağlı abonentə öncədən bildiriş göndərilib və yoxlama aparılan gün abonentlə əlaqə saxlanılıb. Sayğaca ilkin olaraq vizual baxış keçirilib. Daha sonra kamera vasitəsilə sayğacın daxilinə də baxış keçirilib. Sonuncu mərhələ isə sayğacın sınaq qurğusundan keçirilməsi olub. Aparılan yoxlamalardan sonra sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunub. Abonent dəymiş ziyana görə tərtib olunan akta əvvəlcədən imza ataraq razılaşsa da, daha sonra yazılan aktla razılaşmayıb. Abonentin bu cür davranışının səbəbi anlaşılan olmasa da, görünən odur ki, sayğaca müdaxilə halını tək insan beyni deyil, həm də müasir texnologiyalar üzə çıxarıb.
©AZƏRTAC