SƏNAYE

11 Yanvar

“Zığ” zavodunda ötən il 30-dan çox gəmi təmir olunub

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ümumilikdə 33 müxtəlif tipli gəmi təmir olunub.

ASCO-dan Fins.az-a verilən məlumata görə, gəmilərdən 13-ü əsaslı, 12-si tərsanə, 8-i cari təmir edilib. Bunlardan 26-sı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 5-i Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

Məlumata görə, təmir prosesi ASCO-nun mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodun əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir. Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.