SƏNAYE

10 Yanvar

TAP kəməri ilə indiyədək İtaliyaya nəql olunan Azərbaycan təbii qazının həcmi açıqlanıb

Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən bu vaxtadək İtaliyaya 16,4 milyard kubmetr qaz nəql edilib. Bu həcmin 9,6 milyard kubmetri yalnız 2022-ci ilin payına düşüb.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən il İtaliyaya təbii qaz nəqli 2021-ci illə müqayisədə 41 faiz artıb.

Avropanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verən TAP hazırda İtaliyanın ikinci təbii qaz təchizatı mənbəyidir.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.