Bu gün səhər saat 06:00-dan 11:30-a qədər “Azəristiliktəchizat” ASC-nin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub.
Fins. az-ın verdiyi xəbərə görə, bunu “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə xidmətin rəhbəri Elvin Basqallı bildirib.
Onun sözlərinə görə, hamin müraciətlərin çoxu Nizami rayonundan daxil olub, bu da onunla bağlıdır ki, istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istilik ilə təminatında fasilə yaranıb.
“Əməkdaşlarımız dərhal hadisə yerinə gediblər və yaxın saatlarda orada istiliyin verilməsi bərpa olunacaq”, - Elvin Basqallı qeyd edib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat” əməkdaşları bayram günlərində olduğu kimi belə hava şəraitlərində də gücləndirilmiş iş rejimində çalışır: “Hava şəraitinə uyğun olaraq istiliyin verilməsi artırılıb və ümumilikdə istiliyin verilməsində heç bir ciddi bir problem yoxdur. Yaşayış və qeyri-yaşayış binaların istilik ilə təminatı davam edir”.