Britaniyanın “Block Energy” neft şirkəti Gürcüstanın şərqindəki Patardzeuli kəndi yaxınlığında neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Fins.az xəbər verir ki, bu barədə bm.ge portalı məlumat yayıb.
Bildirilir ki, şirkət bununla əlaqədar London birjasının saytında məlumat yerləşdirib. Məlumatda deyilir ki, dekabrın 9-da başlayan quyu sınaqlarının sonuncu mərhələsindən sonra bu sahədə neft hasilatı sutkada 45 barel təşkil edir.
“Patardzeuli yatağı” 2020-ci ildə “Block Energy” şirkətinə verilib. Lakin bu yataqdan hələ sovetlər dövründən neft hasil edilir. 1975-1985-ci illərdə yataqdan 98 milyon barrel neft hasil olunub.
Qeyd edək ki, iyulda Gürcüstanda həcmi 16 milyard kubmetr olan qaz yatağının aşkarlandığı barədə məlumat yayılmışdı.
Bundan əvvəl Amerikanın “Frontera” şirkəti Gürcüstanda nəhəng neft və qaz ehtiyatlarının olduğunu müəyyən etdiklərini bildirsə də, hökumət nümayəndələri məlumatı təsdiqləməyiblər. Tezliklə tərəflər arasında arbitraj mübahisəsi başlayıb və bu mübahisədə Gürcüstan hökuməti qalib gəlib.
Məlumat üçün bildirək ki, indiyədək Gürcüstanda böyük neft və qaz yataqları aşkar olunmayıb.
Son 10 ildə ölkədə illik neft hasilatı 43,6 min ton təşkil edir.