Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfəri çərçivəsində bu ölkənin energetika və mədən naziri Mohamed Arkab ilə görüşüb. "Fins.az" xəbər verir ki, görüşdə neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində, həmçinin “Sonatrach” və “Sonelgaz ”şirkətləri ilə əməkdaşlıq müzakirə edilib.
Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. İki ölkə arasında oxşarlıqların, neft sahəsində tarixən mövcud əlaqələrin enerji sahəsində əməkdaşlığın yeni mərhələdə inkişafı üçün platforma olduğu qeyd edilib.
Energetika nazir Pərviz Şahbazov deyib ki, zəngin karbohidrogen ehtiyatlarına malik, mühüm qaz təchizatçıları olan Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün enerji sahəsində geniş potensial var. “Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər və karbohidrogen sahəsində zəngin təcrübə enerji əməkdaşlığının əhatə dairəsinin genişləndirməsini, qarşılıqlı fəaliyyətin gücləndirilməsini aktuallaşdırır. ”
Görüşdə Azərbaycanla Əlcəzairin qlobal neft bazarının balanslaşdırılması məqsədilə “OPEC plus” formatında uğurlu əməkdaşlığından bəhs edilib. Hər iki ölkənin neft-qaz, eləcə də bərpa olunan enerji, enerji keçidi üzrə həyata keçirdiyi fəaliyyət və planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandum quruda və dənizdə karbohidrogenlərin tədqiqi və istehsalı, karbohidrogen layihələrinin, neft - kimya sənayesinin inkişafı, enerji məhsullarının marketinqi, nəqliyyatı və paylanılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəd, həmçinin Azeri Light və digər xam neft növlərinin tədarükü, “yaşıl enerji” (hidrogen) istehsalı layihələrinin tətbiqi və hidrogenin daşınması ilə bağlı araşdırmaların aparılması, neft - qaz sektoru üzrə tənzimləyici, idarəetmə müəssisələrinin təşkili və yaradılması, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi istiqamətlərində fəaliyyəti əhatə edir. Memorandumdan irəli gələn məsələlərin icrası üçün Birgə İşçi Qrupunun yaradılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov və “Neftqazelmitədqiqatlayihə” İstitutunun direktoru Fəxrəddin İsmayılov da iştirak edir.