SƏNAYE

18 Oktyabr

Yunanıstan Azərbaycan qazının tədarükünün artırılmasını müzakirə edəcək

Yunanıstan Azərbaycan təbii qazının tədarükünün artırılmasının texniki imkanlarını müzakirə edəcək.

Bu, Bakıda səfərdə olan Yunanıstanın energetika naziri Kostas Skrekasın əsas danışıqlar mövzusu olacaq.

Bildirilib ki, K. Skrekasın danışıqlar mövzularından biri də Azərbaycan qazının Avropa ölkələrinin ikiqat artırılması imkanlarına aydınlıq gətirməkdir.

Yunan naziri qaz tədarükünün artırılmasının texniki imkanlarını və təbii qazın qiyməti ilə bağlı Avropa İttifaqına ilkin qərarın verilməsini də müzakirə edəcək.

Xatırladaq ki, Sofiyada Azərbaycan və Bolqarıstan prezidentləri tərəfindən keçirilən görüş zamanı hər il Sofiyaya 1 milyard kubmetr Azərbaycan təbii qazının tədarük edilməsi imkanı ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 2022-ci ilin oktyabrın 1-də Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

© Report