SƏNAYE

10 Oktyabr

Avropanın qaz anbarları 90 faizdən çox doldurulub

Avropa İttifaqı ölkələrinin qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 91 faizə yaxınlaşıb.

Fins.az xarici KİV-ə istinadla xəbər verir ki, anbarların doldurulması əsasən maye qazın tədarükü və alternativ boru kəmərləri vasitəsilə təbii qaz alınması hesabına həyata keçirilir. Oktyabrın əvvəlindən qazın min kubmetrinin orta qiyməti təxminən 1705 dollar təşkil edib.

Bundan öncə Aİ ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80 faizə, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdülər.

Hazırda Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya tədarükü davam edir. Həmin marşrut “Şimal axını” kəmərlərində baş vermiş qəzadan sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə ixracı üçün yeganə vasitədir. Lakin Ukraynadan tranzitin gələcəyi də qeyri-müəyyən olaraq qalır. Belə ki, rəsmi Kiyev “Qazprom” kompaniyasının qaz nəqli xidmətlərinin ödənişini gecikdirməsi iddiası ilə Beynəlxalq Arbitraj Məhkəməsində vəsatət qaldırıb.

Avropa İttifaqının yeni sanksiyaları səbəbindən Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edən “Türk axını” operatorunun ixrac lisenziyası da vaxtından əvvəl ləğv edilib.