"Hadrut" qovşaq yarımstansiyasının tikintisi noyabrın ortalarında başa çatacaq.
Bu barədə "Azərişıq" ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədov deyib.
O bildirib ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kilovoltluq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kilovoltluq 2x1600 kilovatt gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq.
"Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq", - C.Əhmədov vurğulayıb.