2022-ci ilin I rübündə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 102,68 dollar təşkil edib.
Bu barədə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov məlumat verib.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
2021-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti 71,6 dollar (2020-ci ildə 43,7 dollar) təşkil edib.
Azərbaycan neftinin bir barelinin ən ucuz qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollarsəviyyəsində, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.
© “İnterfaks-Azərbaycan”