SOCAR aprelin 4-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) fəaliyyətini planlı təmir işlərinin aparılması məqsədilə dayandırıb.
“Aprelin 4-dən etibarən BNEZ-dəki qurğuların bir hissəsinin işi planlı profilaktika işlərinin aparılması üçün müvəqqəti dayandırılıb. Sözügedən işlər yerinə yetirildikdən sonra zavodun modernləşdirilməsi layihəsi çərçivəsində Avro-5 standartı üzrə dizel istehsalına başlamaq üçün lazım olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır”, - deyə SOCAR-ın vitse-prezidentinin müavini, mətbuat katibi İbrahim Əhmədov bildirib.
O, həmçinin bildirib ki, BNEZ-də profilaktika işləri ilə əlaqədar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin fəaliyyəti də profilaktika işlərinin aparılması üçün aprelin 5-dən dayandırılıb.
“Hər iki müəssisənin paralel şəkildə dayandırılması onların bir-biri ilə qarşılıqlı əlaqəli olması ilə şərtlənib, çünki BNEZ “Azərikimya” İB üçün əsas xammal mənbəyidir”, - deyə İ.Əhmədov izah edib.
Bununla belə, o, müəssisələrin fəaliyyətinin hansı müddətə dayandırılması və şirkətin bu dövr ərzində AI-92 markalı benzin idxal edib-etməyəcəyi barədə məlumat verməyib.