SƏNAYE

04 Aprel

Prokon Türkiyədə təmir və modifikasiya xidmətləri üzrə strateji müqavilə imzalayıb  

  • Türkiyənin yüksək rəqabətli tikinti sektoruna çıxış
  • Türkiyənin sənaye nəhəngi olan Tüpraş şirkətinin rəsmi podratçısı kimi təsdiqlənmək         

Prokon şirkətinin Türkiyədəki törəmə şirkəti olan Prokon Makina, Insaat, Imalat, Montaj, Sanayi ve Ticaret Ltd. Şirkəti (Prokon Türkiyə) məmnunluq hissi ilə bildirir ki, Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) şirkəti ilə müqavilə imzalamışdır. Müqaviləyə əsasən Prokon Türkiyə Tüpraş İzmit neft emalı zavodunda müxtəlif rezervuarların təmiri və modifikasiyası xidmətlərini göstərəcəkdir.

Müqavilə çərçivəsində Prokon Türkiyə xam neft, dizel, benzen, benzin və su çənləri də daxil olmaqla, qurğuların ömrünü uzatmaq məqsədilə altı saxlama çəninin modifikasiyası və təmiri işlərini həyata keçirəcəkdir.

Görüləcək işlərin həcminə altı çən üçün müvəqqəti tikinti keçidlərinin quraşdırılması, xüsusi örtükləmə və rəngləmə işləri, iki çən üçün metalquraşdırma işləri də daxildir. Orta hündürlüyü 14 metr olan rezervuarların həcmi 25 metr və 60 metr arasında dəyişir. Müqavilənin müddəti 14 aydır.

Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Prokon şirkəti yaradıldğı 2012-ci ildən etibarən ölkə daxilində və xaricində bir çox genişmiqyaslı sənaye layihələrinin tikintisini uğurla başa çatdırıb təhvil vermişdir. Lakin Türkiyənin sənaye nəhəngi olan Tüpraş ilə imzalanmış müqavilə Prokonun tarixində yeni bir mərhələnin başlanğıcıdır, belə ki, şirkətimiz Türkiyənin yüksək rəqabətli tikinti sektoruna daxil olmuşdur.

Türkiyə tikinti sənayesində beynəlxalq səviyyədə tanınır və bu xidmətləri dünyaya ixrac edən ölkələr arasında ön sıralarda yer alır. Biz Azərbaycan şirkəti olaraq, təsdiqlənmiş peşəkarlığımızı və təcrübəmizi dünyanın tikinti xidmətləri sahəsində ən böyük təchizatçılarından olan Türkiyəyə ixrac etməyimizlə qürur duyuruq.”

Prokon Türkiyə 3 fevral 2022-ci il tarixindən etibarən Tüpraş şirkətinin qeydiyyata alınmış və təsdiqlənmiş podratçı şirkətidir və sözügedən müqaviləni ən yüksək keyfiyyətdə təhvil verməklə, Tüpraş-ın gələcək layihələrində də iştirak etmək niyyətindədir.