SƏNAYE

30 Mart

Azərbaycan IRENA ilə əməkdaşlığı genişləndirəcək

Energetika naziri Pərviz Şahbazov Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə görüşüb.

Energetika Nazirliyindən "Fins.az"-a verilən məlumata görə, görüşdə energetika naziri bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirilən və planlaşdırılan layihələr barədə ətraflı məlumat verib.

Təşkilat ilə əməkdaşlığın dərinləşdirilməsi üçün potensial istiqamətlər diqqətə çatdırılıb. Bu xüsusda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerjidən istifadə ilə bağlı müxtəlif istiqamətlərə investorların təşviqi məsələsi müzakirə edilib.

Bildirilib ki, “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşayış evlərinin enerji tələbatı məhz bərpa olunan enerji mənbələri hesabına təmin ediləcək. İlk kənddə bütün evlərin üzərində günəş kollektorları, ictimai binaların üzərində 300 kVt-dan çox gücə malik günəş panelləri və ümumi gücü 636 kVt olan 3 ədəd Arximed qurğusunun quraşdırıldığı qeyd edilib.

 

Gələcəkdə bu təcrübənin davam etdirilməsi, tikiləcək fərdi mənzillərdə günəş panellərinin və kollektorlarının quraşdırılması, habelə ərazidəki bərpa olunan enerji mənbələri potensialından istifadə etməklə layihələrin icrası nəzərdə tutulur ki, bu istiqamətlərdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

IRENA-nın baş direktoru Françesko La Kamera Azərbaycan ilə təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verəcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığa dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.