SƏNAYE

30 Mart

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb

30 mart. Fins.az – Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildən 5 dəfə artıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xəbər verir ki, bunu martin 29-da Aşqabadda öz işinə başlayan “Türkmənistanın Nefti və Qazı” (OGT-2022) Beynəlxalq Neft və Qaz Forumunda çıxış edən SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.

Azərbaycan Xəzər regionu ölkələri ilə əməkdaşlıqda, Xəzərin potensialının açılmasında maraqlıdır və buna nail olmaq üçün birgə səylərə ehtiyac görür, – deyə, Elşad Nəsirov qeyd edib.

Vitse-prezident bildirib ki, Türkmənistan-Azərbaycan münasibətlərini çoxəsrlik dostluq, ortaq mədəniyyət və inanc bağlayır. Dövlətlər arasında strateji tərəfdaşlığa dair 100-dən çox sənəd imzalanıb. 2021-ci il yanvarın 21-də  imzalanmış Xəzər dənizində “Dostluk” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumunun da belə mühüm sənədlərdən olduğunu və  onun əhəmiyyətini xüsusi vurğulayan Elşad Nəsirov nəqliyyat sahəsində də ikitərəfli əməkdaşlıda irəliləyişlərin olduğuna diqqət çəkib.