SƏNAYE

28 Sentyabr

Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsi bağlanılıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli bir neçə vaxtdır bərpa olunub.

Bunu  SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Xatırladaq ki, "Şahdəniz-1" layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra "Şahdəniz-1" çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı.

İ. Əhmədovun sözlərinə görə, hazırda Türkiyəyə qazın nəqli ilə bağlı yeni müvafiq saziş qüvvədədir.

İ. Əhmədov sazişlə bağlı təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, "Şahdəniz-1"dən qazın nəqlinin müvəqqəti dayandırılmasına baxmayaraq, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ("Şahdəniz-2" – red.) çərçivəsində qazın nəqli tam şəkildə davam etdirilib.

"Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqli nəzərdə tutulub.

(c)APA