SOCAR-ın prezidenti Rövnəq Abdullayev İraqın ölkəmizdə səfərdə olan neft naziri İhsan Əbdül Cabbar İsmailin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Fins.az xəbər verir ki,bu barədə SOCAR məlumat yayımlayıb.
Məlumata görə, SOCAR-ın prezidenti qonaqlara Azərbaycanın qədim tarixə, zəngin ənənələrə malik neft sənayesinin inkişafı barədə məlumat vermiş, müstəqillik dövründə əldə edilmiş uğurlardan, həyata keçirilmiş möhtəşəm layihələrdən, yaradılmış texnoloji və iqtisadi potensialdan bəhs etmişdir. Hasilatın pay bölgüsü sazişləri üzrə görülmüş işlərin 95 faizinin ölkə daxilində yerli mütəxəssislər tərəfindən icra edildiyini qonaqların diqqətinə çatdıran R.Abdullayev “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulamışdır. Qonaqlar SOCAR-ın tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin, müxtəlif peşə təhsili məktəblərinin fəaliyyəti barədə ətraflı məlumatlandırılmışlar.
İraqın neft-qaz sənayesində mövcud vəziyyət haqqında danışan nazir İhsan Əbdül Cabbar İsmail hazırda qarşılarında duran əsas vəzifələrdən bəhs etmiş, böyük təcrübəyə malik və özünü artıq dünya neft-qaz sənayesində ciddi bir şirkət kimi təsdiq etmiş SOCAR-la əməkdaşlıq etməkdə maraqlı olduqlarını nəzərə çatdırıb.
Müəllif:Aynur Qəniyeva