SƏNAYE

24 Sentyabr

İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır

Azərbaycan Energetika Nazirliyində ölkənin energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Fins.az xəbər verir ki,Energetika Nazirliyinin məlumatına görə, görüşdə, əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında “Cənub Qaz Dəhlizi”nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib: “Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və “OPEC+” formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik”.

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.